İQTİSADİYYAT
“SOCAR Marine” ötən il də bazarın lideri olub
Bakı, 11 mart, AZƏRTAC
“SOCAR Marine” beynəlxalq dəniz yanacağı bazarında 650 min tonluq satış həyata keçirib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, 2013-cü ildən fəaliyyət göstərən “SOCAR Marine” 2020-ci ildə 650 min tona çatan satış həcmi ilə beynəlxalq dəniz yanacağı sektorunda yenidən lider olub. Hazırda “SOCAR Marine” beynəlxalq dəniz yanacağına tələbatın dörddəbirindən çoxunu təmin edir.
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Turkey”in investisiyalarına paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası növbəti dəfə beynəlxalq dəniz yanacağı sektorunun lideri olub. Ötən il bazardakı payını 26 faizə çatdıran “SOCAR Marine” türk boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.
“SOCAR Turkey” Emal və Neft-Kimya bölməsi rəhbərinin ticarət üzrə müavini Aqşin Səlimovun sözlərinə görə, sektorun ən gənc oyunçularından olan “SOCAR Marine”nin beynəlxalq dəniz yanacağı sahəsində liderliyi ələ almasında məhsul və xidmətlərin yüksək keyfiyyəti əsas rol oynayıb. O deyib: “Xidmət sahəsində prioritetimiz müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə ödəməkdən ibarətdir. Hazırda Türkiyənin Qara, Mərmərə, Egey və Aralıq dənizi bölgələrində fiziki olaraq yanacaq təchizatı ilə yanaşı, Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaq tədarükü ilə “SOCAR Marine” markasının beynəlxalq nüfuzunu hər gün daha yüksək səviyyəyə çatdırırıq”.
Beynəlxalq bazarlarda və Türkiyədə göstərdiyi keyfiyyətli xidmətlərlə dəniz nəqliyyatı və enerji sektorunda lider mövqeyinə yüksələn “SOCAR Marine”nin uğur yolunda “SOCAR Turkey”in həyata keçirdiyi nəhəng layihələrlə yaradılan sinerji böyük əhəmiyyət daşıyır. 2018-ci ildə işə başlayan TANAP və “Star” NEZ, eləcə də “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar ilə “SOCAR Terminal”dakı gəmilərə yüksək səviyyəli xidmət göstərən və dünyanın aparıcı enerji şirkətlərindən biri olan SOCAR artıq Türkiyənin dənizçilik sektorunda da mühüm yer tutur. “SOCAR Marine” bazardakı mövqeyini daha da gücləndirərək təkcə Türkiyənin deyil, Aralıq dənizi bölgəsinin ən böyük şirkəti olmaq istiqamətində inamlı addımlarla irəliləyir.