İQTİSADİYYAT
“SOCAR Türkiyə” şirkəti qardaş Türkiyənin iqtisadi həyatında mühüm rol oynayır





İzmir, 12 may, AZƏRTAC
Müasir dövrdə sərmayə yatırılması o qədər də çətin məsələ deyil. İstənilər biznes qrupu səmərəli hesab etdiyi sahəyə sərmayə yatıra bilər. Lakin bu sərmayənin nə qədər səmərəli və gəlir gətirən olacağını hesablayıb düzgün qərarlar vermək olduqca çətindir. “SOCAR Türkiyə” şirkəti bu baxımdan çox uğurlu seçim edərək Türkiyənin Əliağa bölgəsinə sərmayə yatıraraq biznesini qazanclı etməyi bacardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov deyib. O nəzərə çatdırıb ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”in 51 faiz səhmini alaraq, qardaş ölkədəki fəaliyyətlərinə başlayıb.
“SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlərin fəaliyyət sahəsinə xam neft və təbii qazın idxalı, topdan və pərakəndə satışı, təbii qazın paylanması, neft-kimya məhsullarının istehsalı və satışı daxildir. “SOCAR Türkiyə” 2008-ci ildən etibarən biznes tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına ümumilikdə 18 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Qrupun “Petkim”, “STAR Neft Emal Zavodu”, “SOCAR Terminal”, “SOCAR Depolama” və “Petkim RES” (Külək Elektrik Stansiyası) şirkətləri İzmirin Əliağa bölgəsində yerləşir. “TANAP boru kəməri”, “Bursagaz”, “Kayserigaz”, “Enervis” və “SOCAR Enerji Ticaret” şirkətləri isə təbii qazın nəqli və paylanması üzrə ixtisaslaşıb. Bundan əlavə, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti ilə məşğul olan “SOCAR Enerji Ticaret”, rabitə və telekommunikasiya şirkətlərindən “Millenicom” və “SOCAR Fiber”, eləcə də inşaat şirkəti “SCR Gayrimenkul” “SOCAR Türkiyə”nin portfelində mühüm yer tutur.
Neftin emalı, neft-kimya məhsullarının istehsalı, xam neft və təbii qazın idxalı, saxlanması, paylanması və satışı, eləcə də logistika sahəsində böyük nailiyyətlər qazanan “SOCAR Türkiyə” qardaş ölkənin ən böyük sənaye holdinqinə çevrilib. Hazırda o, Türkiyənin ən böyük xarici investorudur. Qrupun Türkiyədə birbaşa yaratdığı məşğulluq 5 min 300 nəfər, podratçılar ilə birlikdə isə 10 min nəfərdən çoxdur. “SOCAR Türkiyə” qrupu şirkətləri hər il Türkiyənin cari kəsirinin təqribən 2 milyard ABŞ dolları həcmində azalmasına töhfə verir.