Son bir ildə YAP Ağcabədi rayon təşkilatına 2418 üzv qəbul olmuşdur
Ağcabədi, 3 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən YAP rayon təşkilatının sədri Rövşən Əhmədov təşkilatın son bir ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, rayon təşkilatı yarandığı gündən ölkədə gedən ictimai-siyasi proseslərdə, eləcə də prezident, parlament və bələdiyyə seçkilərində fəal mövqe nümayiş etdirmişdir. Aparılan quruculuq-abadlıq işlərində də fərqlənən partiya üzvləri rayonun sosial-mədəni inkişafına sanballı töhfələr vermişlər. Hesabat dövrünün ən əlamətdar hadisəsi isə YAP Ağcabədi rayon təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi və binanın açılışında Prezident İlham Əliyevin iştirak etməsi olmuşdur.
Qeyd olunmuşdur ki, rayon təşkilatı ötən bir il ərzində daha da təşkilatlanmış, sıralarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Təşkilat öz sıralarında hazırda 11026 nəfər partiya üzvünü birləşdirir. Onların 4344 nəfərini gənclər, 5027 nəfərini isə qadınlar təşkil edir. Son bir ildə YAP sıralarına 2418 nəfər, o cümlədən bu ilin 5 ayı ərzində 948 nəfər qəbul edilmişdir.
Yığıncaqda YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, Gənclər Birliyinin sədri Nicat Axundov və başqaları çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən, dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələlərindən bəhs etmişlər.
Sonda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən müsabiqə və yarışların qaliblərinə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanı və hədiyyələr, partiya sıralarına yeni qəbul olmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.