Son illərdə karxanaların sayı 800-dən 300-ə düşüb
Bakı, 25 avqust, AZƏRTAC
Üç il əvvəl Azərbaycanda 800-dən artıq daş, çınqıl və qum karxanası fəaliyyət göstərirdisə, hazırda onların sayı 300-ə düşüb. Ümumilikdə fəaliyyəti dayandırılan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat həddində olub. Bunun 15 milyon 600 min manatı ətraf Mühitin Mühafizəsi Fonduna artıq ödənilib, ödənilməyən hissəsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib, hətta bir hissəsi barədə qərar çıxarılıb və məcburi qaydada ödənilməsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin “facebook” səhifəsində təsis edilmiş “Ekspert saatı” rubrikasında sosial şəbəkə izləyicilərinin suallarına cavab verərkən deyib.
Xidmət rəisi daha sonra bildirib: “Yaxın gələcəkdə bir sıra karxanalar öz fəaliyyətini dayandıra bilər. Bu gün tikinti bazarında müxtəlif kirəmit maddələr, rezin və digər süni materiallardan hazırlanan tikinti materiallalı meydana çıxıb və ona görə karxanaların sayının azalması təbiidir. Karxanaların ətraf mühitə mənfi təsiri var və buna görə onlara fərdi qaydada illik ödəmələr müəyyən edilir. Lakin onların fəaliyyətinin dayandırması tikinti bazarında qiymətlərin dəfələrlə artmasına və ölkəmizin qarşıya qoyduğu inkişaf planlarının pozulmasına səbəb ola bilər”.