“Sonsuz üfüqlərə doğru”: AZAL yeni brend manifestini təqdim edib
Bakı, 15 iyul, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) milli aviadaşıyıcının dəyərlərini, korporativ kimliyini və gələcəyə baxışını əks etdirən yeni vizual manifestini – imic çarxını təqdim edib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, “AZCON Holdinq” şirkətlərindən olan Azərbaycan Hava Yollarının hazırladığı yeni video şirkətin inkişaf strategiyasını, əsas prinsiplərini və gələcək hədəflərini vizual hekayə vasitəsilə nümayiş etdirir.
Son illər AZAL ardıcıl inkişaf mərhələsi yaşayır. Müasir hava gəmilərindən ibarət donanmanın formalaşdırılması, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, xidmət səviyyəsinin yüksəldilməsi və insan kapitalına yatırımlar milli aviadaşıyıcının strateji inkişaf istiqamətlərinin əsasını təşkil edir.
Yeni imic çarxı məhz bu dəyişikliklərin arxasında dayanan əsas ideyanı – şirkətin kimliyini, dəyərlərini və gələcəyə baxışını təqdim edir. Vizual hekayədə təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf kimi prinsiplər xüsusi vurğulanır.
Bildirilib ki, bu dəyərlər AZAL-ın minlərlə əməkdaşının gündəlik fəaliyyətində, qəbul edilən qərarlarda və sərnişinlərə göstərilən xidmətlərdə öz əksini tapır. Şirkət uçuş anlayışını yalnız nəqliyyat xidməti kimi deyil, etimad, rahatlıq və yüksək xidmət mədəniyyəti üzərində qurulan hərtərəfli təcrübə kimi təqdim edir.
Yeni vizual manifestdə Azərbaycan Hava Yollarının milli aviadaşıyıcı kimi missiyasına da diqqət çəkilir. Şirkət Azərbaycanın dünya ilə əlaqələndirilməsində mühüm rol oynayan hava körpüsü olmaqla yanaşı, ölkənin mədəniyyətini, qonaqpərvərliyini və müasir simasını beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir.
“Sonsuz üfüqlərə doğru” konsepsiyası aviaşirkətin gələcək inkişaf yolunu, yeniliklərə açıq yanaşmasını və sərnişinlərə daha yüksək xidmət göstərmək məqsədini ifadə edir. Bu yanaşma milli aviadaşıyıcının uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Videonu izləmək üçün keçidə daxil ola bilərsiniz: