“Sosial işin əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir
Bakı, 5 oktyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial işin əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.
Layihənin budəfəki mövsümündə cəmiyyətə yenidən adaptasiya və inteqrasiya problemlərinin həlli, müharibənin sosial-psixoloji təsirlərinin aradan qaldırılması, eləcə də gənclərlə iş sahəsində çoxsaylı təlim və görüşlərin keçirilməsi planlaşdırılır.
Üç aylıq təhsil proqramı çərçivəsində seçilmiş gənclər həmin sahənin peşəkar mütəxəssisləri tərəfindən biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.
Budəfəki proqram müddətində də müxtəlif sosial xidmət müəssisələrinə tanışlıq səfərləri nəzərdə tutulub.
Qeyd olunub ki, təlim proqramının indiyədək dörd mövsümü reallaşdırılıb və ümumilikdə 200-dən çox gənc proqramdan faydalanıb.
Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər https://shorturl.at/hmN29 linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.