SOSİAL SAHƏYƏ DİQQƏT ARTIRILIR
O demişdir ki, büdcənin gəlir hissəsinin artırılması ilə bağlı düzəlişlər, ilk növbədə, ölkə iqtisadiyyatının sürətlə inkişafı, ÜDM-in, o cümlədən onun qeyri-neft sektorunda proqnozlaşdırılan səviyyəsinin artırılması, habelə ölkədə təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişlənməsi ilə bağlıdır.
Ekspertlərin fikrincə, bu il büdcə gəlirləri 430 milyon manatdan çox artacaqdır ki, bu da təsdiq olunmuş proqnozdan 12,6 faiz, 2005-ci ildəkindən isə 86,7 faiz çoxdur.
Büdcəyə düzəlişlər edilərkən ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinin vəziyyətinin yaxşılaşdırılması, regionda neft sektorunun inkişafı, iqtisadiyyatın ayrı-ayrı sahələrinin maddi-texniki təchizatı səviyyəsinin yüksəldilməsi, infrastrukturun tikintisi və yenidən qurulması kimi əsas istiqamətlər ön plana çəkilmişdir.
Z.Səmədzadə demişdir ki, yanvar–aprel aylarının yekunlarına görə, büdcəyə daxil olmuş əlavə vəsaitlər təqsim edilərkən deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin “ölkə iqtisadiyyatının ən mühüm nailiyyətlərini vətəndaşlarımız real həyatda tezliklə hiss etməlidirlər” fikrini rəhbər tutmuşlar.
Təhsil sahəsinə 22 milyon manat və ya nəzərdə tutulduğundan 4,6 faiz çox vəsait ayrılmışdır. Vəsaitlər əmək haqqının artırılması, kənd yerlərinə təyinat almış müəllimlərin məvacibinin yüksəldilməsi üçün nəzərdə tutulmuşdur. Səhiyyə sahəsinə xərclər 23,3 milyon manat artırılmışdır ki, bu da əvvəlki göstəricidən 21,5 faiz çoxdur. Bu, sahə işçilərinin dövlət tərəfindən dəstəklənməsinə, o cümlədən onların əmək haqqının 30 faiz artılımasına, bir sıra xüsusi proqramları maliyyələşdirməyə imkan verəcəkdir.
Əlavə vəsait hesabına indi büdcənin ümumi həcmində kapital qoyuluşunun xüsusi çəkisi 5 faiz artaraq, təxminən 22 faiz təşkil edəcəkdir. Artımın təxminən yarısı infrastruktur yaradılmasına, o cümlədən magistral, beynəlxalq və daxili avtomobil yollarının tikintisinə və yenidən qurulmasına, Bakı şəhərində yeni yol ötürücülərinin və yeraltı keçidlərin inşasına, regionlarda məktəblərin, idman komplekslərinin, mədəniyyət mərkəzlərinin tikintisinə və yenidən qurulmasına yönəldilir.