İDMAN
Şpaqaçılarımız Anatoli Samburovun xatirəsinə həsr olunmuş turnirdə iştirak ediblər
Bakı, 2 mart, AZƏRTAC
Rusiyanın Pyatiqorsk şəhərində Əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoli Samburovun xatirəsinə həsr olunmuş açıq turnirə yekun vurulub.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, fevralın 28-də 2002-2005-ci il təvəllüdlü şpaqaçı oğlanlar və qızlar arasında komanda yarışı keçirilib. Oğlan şpaqaçıların yarışında Kənan Məlikzadə, Raul Aruslanov və Orxan Həsənli səkkizdəbir finalda Krasnodarı təmsil edən həmkarlarını 45:41 hesabı ilə məğlub ediblər. Lakin şpaqaçılarımız dörddəbir finalda Ukrayna komandasına 38:45 hesabı ilə uduzublar. İdmançılarımız 5-8-ci yerlər uğrunda görüşlərdə “Pyatiqorsk-3” və “Pyatiqorsk-2” komandasına 45:38 hesabı ilə qalib gəliblər. Oğlan şpaqaçılarımız yekunda 11 komanda arasında beşinci yeri tutublar.
Azərin İdriszadə, Məryəm Sadıqova, Nazilə Rəhimova və Alfiyə Abdinovadan ibarət qadın komandamız səkkizdəbir finalda “Osetiya-2” komandasına 45:27 hesabı ilə qalib gəlib. Şpaqaçı qızlarımız dörddəbir finalda “Pyatiqorsk-2” komandası üzərində 45:31 hesablı qələbə qazanıb. Komandamız yarımfinalda “Alaniya-3” komandasına 38:45 hesabı ilə uduzub.
2007-ci il təvəllüdlü və daha aşağı yaşlı şpaqaçıların yarışında 76 qız və 64 oğlan mübarizə aparıb. Turnirdə Xədicə Həsənli qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Mirxətai Məmmədov 6 görüşdən 2-də, Aynur Quliyeva isə 1-də qələbə qazanıb. Otuzikidəbir finalda Aynur Quliyeva osetiyalı Darya Belaya 10:12 hesabı ilə uduzub. Bu mərhələdə Xədicə Həsənli osetiyalı Lana Doquzovanı 12:0, Mirxətai Məmmədov isə digər osetiyalı idmançı Aslanbey Tatuyevi 12:1 hesabı ilə məğlub ediblər. Onaltıdabir finalda Xədicə Həsənli osetiyalı SvetlanaTuskayevaya 12:7 hesabı ilə qalib gəlib. Mirxətai Məmmədov isə Krasnodar təmsilçisi Oleq Qalaşevskoya 4:12 hesabı ilə uduzub. Səkkizdəbir finalda Xədicə Həsənli rostovlu şpaqaçı Kseniya Malikovaya 6:12 hesabı ilə məğlub olub.