Strasburqda “Azərbaycan qadını - 100 il” mövzusunda forum keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə Strasburqda “Azərbaycan qadını - 100 il” mövzusunda forum keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, forumda İtaliyada, Polşada, Almaniyada və Fransada təhsil alan və yaşayan azərbaycanlılar, eyni zamanda, Fransa, Ukrayna, Rusiya, Türkiyə, Qırğızıstan olan nümayəndələr iştirak ediblər.
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli tədbirdə çıxış edərək forumun məqsədindən və qarşıya qoyulan hədəflərdən bəhs edib.
Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulkahi çıxışında 100 il əvvəl əksər Qərb ölkələrindən daha əvvəl Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin əhəmiyyətini vurğulayıb.
Forumun birinci günündə təşkil olunan bölmə iclaslarında ötən 100 ildə Azərbaycan qadınının fəaliyyəti və inkişafı ilə bağlı məruzələr dinlənilib. Tədbirin ikinci günündə isə iştirakçıların bir qrupu Avropa Şurasının fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Fransız Universitetinin direktoru Vazeh Əsgərov videokonfrans vasitəsilə Foruma qoşularaq diaspor fəaliyyəti ilə bağlı çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə Azərbaycan qadınının inkişafı ilə bağlı film nümayiş olunub.