Strasburqda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir
Paris, 25 fevral (AZƏRTAC). Strasburqdakı “Hilton” mehmanxanasında XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Anım mərasimində Avropa Şurası yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak etmişlər.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov tədbiri açaraq ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının - insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı qətliamının əsl mahiyyəti barədə danışmışdır. Səfir bu xüsusda Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat çatdırılması sahəsində apardığı işləri diqqətə çatdırmışdır. “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini xüsusilə qeyd edən diplomat soydaşlarımızı bu kampaniyaya fəal qatılmağa səsləmişdir.
E.Eyyubov Xocalı soyqırımının bir çox dövlətlər tərəfindən tanındığını diqqətə çatdırmış və bu istiqamətdə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. O, Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik, güclü və çiçəklənən Azərbaycanda Xocalı soyqırımı qurbanlarının, habelə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyini qeyd etmişdir.
Mərasimdə çıxış edən tələbələr və diaspor nümayəndələri Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərin təcavüzkar ermənilərin əsl simaları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Natiqlər Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində görülən işlərin vacibliyini vurğulamışlar.
Tədbirdə Xocalı soyqırımını əks etdirən fotostend quraşdırılmış və film nümayiş etdirilmişdir.
Xatırladaq ki, Xocalı faciəsinə dair həqiqətləri Fransa ictimaiyyətinə tanıtmaq məqsədilə nümayəndəlik tərəfindən Fransanın “colisee.org” internet jurnalında soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş məqalə yerləşdirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris