Sumqayıt teatrı yeni mövsümə hazırlaşır
Sumqayıt, 7 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni teatr mövsümü öncəsi Sumqayıt Dövlət Dram Teatrında kollektivlə görüş keçirilib. Görüşdə yeni tamaşaların hazırlanmasının, repertuar siyasətinin qurulmasında tarixə istinad edən, bədii estetik zövqü formalaşdıran, maarifçilik missiyası daşıyan əsərlərə önəm verilməsinin vacibliyindən danışılıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yaxın zamanda tamamlanması planlaşdırılan G.Xuqayevin "Varlı ev" tamaşası, üzərində məşqlər aparılan G.Fiqeyredon "Ezop", yeni mövsümdə təqdim olunacaq T.Cücənoğlun "Uçqun", xalq nağılları əsasında işlənən "Yuxu", Azərbaycan Teatr Xadimləri İttifaqının ənənəvi klassika festivalı üçün hazırlanan S.Mrojekin "Mühacirlər" əsərləri barədə, həmçinin Bərdə şəhərinə planlaşdırılan qastrol səfərinə dair müzakirələr aparılıb.
Görüş zamanı Sumqayıt Dövlət Dram Teatrının yeni mövsümü Laçın şəhərində H.Ataxanlının “Missiya” mistik dramı ilə açacağından da bəhs olunub. Əslən Laçının Güləbird kəndindən olan Milli Qəhrəman Qorxmaz Eyvazov əsərin əsas obrazıdır.
Teatrın bu mövsüm Sumqayıtdakı ilk tamaşası isə Ü.Hacıbəylinin "O olmasın, bu olsun" əsəri olacaq.