Sumqayıtda Qələbə günü qeyd edilmişdir
Sumqayıt, 10 may (AZƏRTAC). Mayın 9-da Sumqayıtda Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündəki meydanda ümumşəhər tədbiri keçirilmişdir. Tədbir iştirakçıları Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Milli Məclisin deputatı Muxtar Babayev, şəhərin hüquq mühafizə orqanlarının, bələdiyyələrinin, müəssisə və təşkilatlarının rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri abidə önünə çiçəklər qoymuşlar. Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Sovet xalqı 66 il əvvəl faşist Almaniyası ilə müharibədə möhtəşəm qələbə qazanmışdır. Hər il Qələbə günü ənənəvi olaraq veteranlar, müharibədə iştirak etmiş sumqayıtlılar bir yerə toplaşır, həmin o qanlı-qadalı günləri xatırlayırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov veteranlarla görüşmüş, onları şanlı bayram münasibətilə təbrik etmişdir. Müharibənin dəhşətlərindən keçmiş, Sumqayıtın quruculuğunda fəal iştirak etmiş veteranlar şəhərin inkişafı üçün əllərindən gələni etmişlər. Veteranlar şəhərin yeni rəhbərliyinin həyata keçirdiyi islahatları bəyəndiklərini və bu planın Sumqayıtın hər bir guşəsində əsaslı dəyişiklərə səbəb olacağına böyük ümid bəslədiklərini bildirmişlər.
Tədbir iştirakçıları sonra parada tamaşa etmişlər. Paradı nəfəsli alətlər orkestri açmışdır. N hərbi hissəsinin qulluqçuları Azərbaycanın nəhəng bayrağını meydana gətirmişdilər. Əsgərlərin nizami cərgələri improviziya olunmuş tribunanın önündən keçmişlər. Onların ardınca ən yaxşı məktəb komandaları - respublika “Şahin” hərbi- vətənpərvərlik oyunlarının iştirakçıları marşın sədaları altında addımlamışlar.
Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsi veteranları üçün şəhərdəki “Çinar” restoranında bayram naharı verilmişdir. Respublika Qırmızı Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin əməkdaşları veteranlara bayram ərzaq paketləri təqdim etmişlər.
######
