SUMQAYITDA RESPUBLİKA KONFRANSI KEÇİRİLMİŞDİR
Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə konfransı açaraq, onun məqsəd və vəzifələrindən danışmışdır. O demişdir ki, kompleks tədbirlər nəticəsində işlənib hazırlanmış proqram bələdiyyələrin potensialının gücləndirilməsinə və sosial-iqtisadi inkişafının təmin olunmasına dair sənədlər paketinin əsasını təşkil edəcəkdir. Həmin proqram Milli Məclisə təqdim olunacaqdır. Sumqayıt bələdiyyəsinin işini məqbul hesab edən M.Səlimzadə bildirmişdir ki, Sumqayıtda bağ təsərrüfatının bələdiyyələrin səlahiyyətinə verilməsi kimi cəsarətli qərarın qəbul edilməsi, ümumilikdə, icra hakimiyyəti ilə yerli özünüidarə orqanları arasında sağlam və konstruktiv qarşılıqlı fəaliyyət qurulması təqdirəlayiqdir. Bu baxımdan konfransın Sumqayıtda keçirilməsi də təsadüfi deyildir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında demişdir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyev daim Azərbaycanı sivil, inkişaf etmiş dövlət kimi görmək istəyirdi. Ulu öndərimiz demokratik dövlət quruculuğu strategiyasını işləyib hazırlamışdı. Yerli özünüidarə orqanları təsisatının yaradılması da cəmiyyətin demokratikləşdirilməsi, dünyəvi, hüquqi dövlət quruculuğu prinsiplərinə xidmət edir. Hazırda bələdiyyələrin nüfuzu getdikcə artır ki, bu da bir çox problemlərin həllində özünü göstərir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında irəli sürülən vəzifələrin, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu tələblərin yerinə yetirilməsinə kömək edir.
Konfransda çıxış edən Beynəlxalq Elm, Təhsil, Mədəniyyət və İncəsənət Fondunun prezidenti Rövşən Xəlilov, Milli Məclisin Regional məsələlər daimi komissiyası sədrinin müavini Fəttah Heydərov, Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Sahibkarlar (işəgötürənlər) Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, parlamentin deputatları Tahir Rzayev və Sabir Hacıyev, Vergilər Nazirliyi Baş İdarəsinin rəisi Akif Musayev, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev və başqaları qaldırılan problemlərə öz münasibətlərini bildirmiş, yerli özünüidarə orqanları haqqında qanunvericiliyin inkişaf perspektivləri, Azərbaycanın iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində bələdiyyələrin rolu, bələdiyyələrin və sahibkarların əməkdaşlığı və s. məsələlər barədə fikirlərini söyləmişlər.
Sonra konfrans işini 4 bölmədə davam etdirmişdir. Bölmələrdə aparılan fəal müzakirələrdən sonra qrupların rəhbərləri yerli özünüidarə orqanları barədə qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələr tərəfindən sosial xidmətlər göstərilməsi, vergilərin və ödənişlərin yığılması, habelə bələdiyyələrin inkişaf potensialının gücləndirilməsi məsələlərinə dair təkliflər vermişlər.