SUMQAYITLILAR 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Sumqayıt, 20 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 20-nə keçən gecə baş vermiş faciənin 20-ci ildönümü günü minlərlə sumqayıtlı, həmişə olduğu kimi, şəhərin mərkəzində ucaldılmış 20 Yanvar abidəsinin önünə toplaşmışlar. Asfalt üzərinə döşənmiz yüzlərlə qırmızı qərənfil həmin gecə paytaxtımızın küçələrində tökülən qanı xatırladırdı. Zaman sürətlə ötsə də, Bakının dinc sakinlərinin mərdliyi və qəhrəmanlığı unudulmur. Onlar sovet imperiyasının nəhəng döyüş texnikası qarşısında canlı sipər yaratmışdılar. O dəhşətli hadisələrin günahsız qurbanları arasında üç sumqayıtlı da vardır. Şəhərin daha üç sakini isə əlil olmuşdur.
Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, bələdiyyənin, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin, təşkilat və idarələrin rəhbərləri, habelə Sumqayıt ictimaiyyətinin nümayəndələri ümumxalq hüzn günü şəhidlərin xatirəsinin anma mərasimində iştirak etmişlər. 20 Yanvar abidəsi qarşısındakı Əbədi məşəl önünə əklil və tər güllər qoyulmuşdur.
Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olmuş, Əbədi məşəlin önünə əklil qoymuşlar.
Sumqayıt Cümə məscidinin axundu şəhidlərin ruhuna dualar oxumuşdur.
20 Yanvar şəhidlərinin xatirəsi Sumqayıt yaxınlığındakı Corat və Tağıyev qəsəbələrində də anılmışdır. Şəhidlərin xatirəsinə ucaldılmış obeliskin önünə güllər düzülmüşdür.
Şəhərin bütün məscidlərində Yanvar faciəsi qurbanlarının ruhuna dualar oxunmuşdur.
######
![]() |
![]() |
![]() |
![]() |



