Süni intellekt proqramının iştirakçısı: Texnologiya işimizi əlimizdən almır, onu daha da asanlaşdırır
Bakı, 15 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin kompüter elmləri ixtisası üzrə III kurs tələbəsi Nihad Hüseynli süni intellekt sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Gənclər Fondu tərəfindən həyata keçirilən proqrama qoşulub. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, seçim prosesində 1851 namizəd arasından seçilən 25 iştirakçıdan biri olub.
N.Hüseynlinin sözlərinə görə, informasiya texnologiyaları sahəsinə marağı onu müxtəlif yarış və tədbirlərdə iştirak etməyə sövq edib. Sosial şəbəkələrdə məlumat əldə etdikdən sonra proqrama müraciət etdiyini deyən tələbə, seçim mərhələsini uğurla başa vuraraq proqramın iştirakçısı seçilib.
“Gənclər olaraq süni intellektəsaslı texnologiyaların yaradılması və inkişafına töhfə verməyi hədəfləməliyik. Süni intellekt bu gün ən sürətlə inkişaf edən və ən çox müzakirə olunan sahələrdən biridir”, – deyə o qeyd edib.
N.Hüseynli bildirib ki, süni intellektin insanların iş yerlərini tamamilə əvəz edəcəyi ilə bağlı narahatlıqları bölüşmür. Onun fikrincə, bu texnologiyadan düzgün istifadə edildiyi təqdirdə o, insanların fəaliyyətini daha səmərəli təşkil etməyə və iş prosesini asanlaşdırmağa xidmət edir.
Bakı Ali Neft Məktəbinin tələbəsi süni intellekt texnologiyalarını artıq öz layihələrində də tətbiq etdiyini bildirib. O qeyd edib ki, veb-proqramçı kimi hazırladığı internet saytına süni intellekti inteqrasiya edib və bu imkanlardan uğurla yararlanır.
“Gündəlik fəaliyyətimizdə süni intellektdən səmərəli istifadə etməklə daha innovativ həllər hazırlamaq və ölkəmizdə bu sahənin inkişafına töhfə vermək mümkündür”, – deyə Nihad Hüseynli əlavə edib.
Qeyd edək ki, bu gün Gənclər Fondunun və “Bakcell” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” təqaüd proqramının 25 qalibi müəyyənləşib.