Suraxanı rayonunda Xocalı faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Bakı, 20 fevral (AZƏRTAC). Suraxanı rayonunda Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə faciəyə həsr olunmuş növbəti tədbir 285 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin hazırladıqları “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olmuşlar.
İctimaiyyətin nümayəndələrinin, rayon ərazisində məskunlaşmış xocalılıların, məktəblilərin, müəllimlərin iştirak etdikləri tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları 285 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxmışlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova demişdir ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Bildirilmişdir ki, Ermənistanın Xocalıda sovet qoşunlarının köməyi ilə həyata keçirdiyi insanlıq əleyhinə bu cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, bir çox internet saytları yaradılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərirlər.
Tədbirdə digər çıxış edənlər ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər haqqında danışmışlar.