Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda “Xocalı” tamaşasının premyerası keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC, Zərəngiz Mansurova). Fevralın 24-də “Azərsun Holdinq” şirkətlər qrupunun mədəniyyət mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda “Xocalı” tamaşanın premyerası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, “Azərsun Holdinq” şirkətlər qrupu idarə heyətinin üzvü Əhməd Yəmən və başqaları XX əsrin sonunda xalqımıza qarşı törədilmiş faciənin bütün əlamətləri ilə ən qatı soyqırımı olduğunu və bunun artıq dünyanın bir sıra dövlətləri tərəfindən soyqırımı kimi tanındığını bildirmişlər.
Vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi düzgün siyasət nəticəsində Xocalı faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılır. Bu istiqamətdə fəaliyyət hazırda ölkəmizin diplomatik nümayəndəlikləri, xaricdəki diaspor təşkilatlarımız vasitəsilə daha da genişlənir.
Tədbirdə Xocalı soyqırımı haqqında videoçarx nümayiş etdirilmişdir.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş “Xocalı” tamaşası nümayiş etdirilmişdir.
Şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş tamaşanın rejissoru Lalə Zeynalova, musiqi tərtibatçısı Azad Məmmədovdur.
Rolları Azad Məmmədov, Rafət Mehdiyev, Emil Məmmədov, Püstəxanım Zeynalova, Məmməd Məmmədov və başqaları ifa etmişlər.