Taliban Əfqanıstanı dünyanın ən güclü kriket ölkəsinə çevirəcəkmi?
Bakı, 28 fevral, AZƏRTAC
Talibanın birinci dəfə hakimiyyətdə olduğu 1990-cı illərdə idmanın bir çox növünə olan nifrət ona gətirib çıxardı ki, Kabulun əsas stadionu ən çox kütləni onun edam üçün istifadə olunduğu günlərdə toplaya bilirdi.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildə Kabul üzərində nəzarəti ikinci dəfə ələ keçirən Taliban Əfqanıstanın dünyanın kriket ölkəsinə çevrilməsi üçün beynəlxalq oyunların keçirilə biləcəyi müasir kriket stadionunun tikintisi kimi iddialı planları hədəf götürüb.
Kişilərdən ibarət milli komanda Taliban hakimiyyətə gəlməmişdən əvvəl də yüksəlişdə idi və yeni rejimdə də bu, davam edir. Özəl kriket akademiyalarında yeni oyunçuların sayında kəskin artım hiss olunur.
Taliban üçün kriketin cəlbediciliyi bu idman növünün taliblərin ənənəvi olaraq ən güclü dəstəklədikləri etnik puştun icmalarında çoxdankı populyarlığı ilə bağlı ola bilər. Lakin kriketin təsir dairəsi etnik sərhədləri aşdığından, rejim bu idman növünü səmərəli hesab edə bilər.
2021-ci ilin avqustunda hakimiyyət ələ keçiriləndən bir neçə gün sonra daxili işlər nazirinin nüfuzlu kiçik qardaşı Anas Hakkani yeni hökumətin bu idman növünü dəstəkləməsini nümayiş etdirmək üçün Əfqanıstan Kriket Şurasında olub.
Ölkə sakinlərinin çoxu, o cümlədən Talibanın əsgərləri ötən payız Hindistanda keçirilən dünya çempionatını iri ekranlardan diqqətlə izləmək üçün parklarda, kişi salonlarında, toylarda toplaşırdılar. Çempionatda əfqan komandası İngiltərə, Pakistan, Şri-Lanka və Niderland komandanları üzərində möhtəşəm qələbə çalıb. Yerli medianın yazdığı kimi, yığma komanda öz qələbəsi ilə Əfqanıstanda müharibələrdən sonra, yoxsulluq və bu yaxınlardakı zəlzələ fonunda insanlara ən azından təbəssüm bəxş edir.
Taliban hökumətinin hələ də beynəlxalq təcriddə və sərt sanksiyalar altında olmasına baxmayaraq, Əfqanıstan Kriket Şurasının nümayəndəsi bildirib ki, bu yaxınlarda təşkilat Dubayda yerləşən Beynəlxalq Kriket Şurasından (ICC) təxminən 16 milyon dollar alıb. Bununla yanaşı, məqalələrin müəllifləri qeyd edirlər ki, əfqan kriketi yaxın illərdə analoji və illik ödənişlərə ümid edə bilər.