“Taliban” hərəkatı ölkədə xarici valyutadan istifadəni qadağan edib
Bakı, 3 noyabr, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstanda yaranan ağır iqtisadi vəziyyət səbəbindən vətəndaşlara yalnız yerli valyutadan istifadə etməyi tapşırıb.
AZƏRTAC EADaily portalına istinadla xəbər verir ki, qaydanı pozanlar məsuliyyətə cəlb olunacaq.
“İslam Əmirliyi bütün vətəndaşlara, mağaza sahiblərinə və iş adamlarına maliyyə əməliyyatlarında yalnız milli valyuta olan əfqanidən istifadə etməyi və xarici valyutadan imtina etməyi tapşırır”, - deyə “Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid bildirib.
Bir müddət öncə, sentyabrın 15-də Əfqanıstan Mərkəzi Bankı bütün vətəndaşları Əfqanıstan valyutasından istifadə etməyə çağırmışdı.
“Taliban” hərəkatının paytaxt Kabilə daxil olmasından sonra təxminən iki həftə bağlı qalan banklar əhalinin nağd pula ehtiyacını ödəyə bilmir. Nağd pul çatışmazlığı səbəbindən hər bir vətəndaş banklardan həftədə maksimum 20 min əfqani (təxminən 200 dollar) çıxara bilir.
Digər tərəfdən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ABŞ Federal Ehtiyatlar Sistemi Əfqanıstanın beynəlxalq fondlara çıxışını bağlaması, Ağ evin Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurması və dünya ölkələrinin “Taliban” hökumətini tanımaması ölkədəki iqtisadi böhranı daha da dərinləşdirib. Ekspertlər ölkənin sürətlə iqtisadi fəlakətə doğru getdiyi barədə xəbərdarlıq edib.