Tanınmış yazıçı-publisistin yaradıcılıq gecəsi keçirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı-publisist və ictimai xadim İnqilab Nadirlinin yaradıcılıq gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd və başqaları İnqilab Nadirlini təkcə ədəbiyyat adamı deyil, həm də ictimai xadim, təəssübkeş vətənpərvər kimi dəyərləndirmişlər.
Qeyd olunmuşdur ki, İ.Nadirli vaxtilə məsul vəzifələrdə işləmiş, ölkədə aparılan tikinti-quruculuq işlərində yaxından iştirak etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Onun fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, bir sıra dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür.
İ.Nadirli bədii yaradıcılıqla da müntəzəm məşğul olmuşdur. ”Yol ayrıcında”, “Ömürdən izlər”, “Muğamlı dünyam”, ”Tarixə qovuşan illərim” və digər kitabları oxucu rəğbəti qazanmışdır.
Ekologiya üzrə fəlsəfə doktoru İnqilab Nadirli ömrünün bu çağında da yorulmadan çalışır.
Tədbirdə incəsənət ustalarının ifasında İ.Nadirlinin şeirləri və şeirlərinə yazılmış mahnılar səsləndirilmişdir.
Tədbir çərçivəsində yazıçı-publisistin müdrik deyimlərdən və aforizmlərdən ibarət “Hikmətli dünyam” kitabının təqdimatı keçirilmişdir.
Sonda İ.Nadirli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni kitabını onlara hədiyyə etmişdir.