Tanınmış yazıçı Yunus Oğuz “İmzalı görüş”də...
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində reallaşdırılan “İmzalı görüş” layihəsi üzrə “Olaylar” informasiya agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuzla görüş keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Nizami Cəfərov, media nümayəndələri, “Gənc jurnalistlər” Klubunun və “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərin mədəni maarifləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib, “İmzalı görüş” layihəsi çərçivəsində oxucular ilə yazarlar arasında təşkil olunan görüşlərindən danışıb. O, yeniyetmələrin və gənclərin mütaliəyə marağını artırmaq baxımından onların tanınmış insanlarla görüşlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
N.Cəfərov diqqətə çatdırıb ki, Y.Oğuz çağdaş dövrdə Azərbaycan tarixi roman janrına yenilik gətirən müəllifdir. Onun əhatə etdiyi mövzular obrazların canlılığı və sənədliliyi ilə fərqlənir. Y.Oğuzun əsərlərində zəngin kolorit, uzun təfsilatlara yol verməməsi onu digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən və üstünlüklərdəndir. Y.Oğuzun əsərlərində müasirliyin də xüsusi rol oynadığını deyən N.Cəfərov qeyd edib ki, müəllif əsərlərində bu gün ilə keçmişi əlaqələndirir.
Y.Oğuz tarixi mövzuda roman yazmağın zərurətindən danışıb, müəllifi olduğu əsərlər barədə gənc oxuculara ətraflı məlumat verib.
Sonda müəllifin imzalı kitabları iştirakçılara hədiyyə olunub.