Tarix Muzeyində tədbir: Qarabağ zəfəri ilə nəticələnən Aprel döyüşləri
Bakı, 7 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsi “Qarabağ zəfəri ilə nəticələnən Aprel döyüşləri” mövzusunda onlayn tədbir təşkil edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, şöbə müdiri Fəridə Şəmsi çıxışında Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər zaman əziz tutulduğunu vurğulayıb.
Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov “Aprel döyüşləri - qələbəyə gedən yolun başlanğıcı”, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Arzu Xəlilzadə “İkinci Qarabağ müharibəsinin siyasi yekunları” adlı məruzələrlə çıxış ediblər.
Sonra Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, hərbi ekspert, polkovnik İslam Əzimov öz döyüş yolu haqqında söhbət açaraq, qəhrəman xalqımızın rəşadətini xüsusi qeyd edib. Polkovnik gənc nəslə vətənpərvərlik ruhunu aşılamağın vacibliyini söyləyib və bu işdə köməyini əsirgəməyəcəyini bildirib.
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi Sadəddin Bayramov, Vətən müharibəsi iştirakçısı, Qarabağ qazisi Tərlan Həsənov, Aprel döyüşləri qazisi, ehtiyatda olan kapitan Elnur Əmirov xatirələrini bölüşüblər.
Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova tərəfindən qazilər Sadəddin Bayramov və Tərlan Həsənovun hərbi fotoları, həyat və döyüş yolu barədə məlumatların olduğu elektron təqdimat keçirilib.
Sonda Əməkdar artist Ramil Qasımovun ifasında “Şəhidim” kompozisiyası səsləndirilib.
Onlayn tədbirə muzeyin əməkdaşları, Aprel döyüşləri və Vətən müharibəsi qaziləri, Bakı Dövlət Universitetinin və respublikanın 10-a yaxın ümumi təhsil müəssisəsinin müəllim və şagirdləri qoşulub.