Taxıl sahələri üçün əkin subsidiyaları aqrar sığorta şərti ilə veriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu buğda və arpa əkini ilə məşğul olan fermerlərə müraciət edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına dəyişiklik edilib. Dəyişikliyə əsasən, 10 hektardan artıq olan əkinlərə görə subsidiyaların alınması üçün həmin sahələrin mütləq qaydada sığortalanması şərti tətbiq edilib. Hazırda ölkədə payızlıq taxılın - buğda və arpanın əkini prosesi davam edir. Əkin subsidiyasını ala bilməsi üçün fermerlər əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən zaman dərhal sığorta müqaviləsini də əldə etməlidirlər. Əks halda, yəni sığorta müqaviləsini əldə etməyən fermerlərə, adıçəkilən Qaydalara əsasən, əkin subsidiyasının verilməsindən imtina olunacaq.
Əkin sahələrinin sığortalanması böyük xərc tələb etmir. Aqrar sığorta qaydalarına əsasən, fermerlərə dəstək üçün sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Bunu nəzərə aldıqda, 1000 manatlıq məhsulun yığıldığı taxıl sahəsi üçün fermerin ödədiyi məbləğ ölkənin böyük hissəsində 7-10 manat arasında dəyişir.
Bu məbləğ müqabilində iş adamları öz əkin sahələrini təbii fəlakətlər, qasırğa, dolu, eləcə də yanğın, vəhşi heyvanlar və üçüncü şəxslərin vurduğu zərərdən sığortalamış olacaqlar.
Başqa sözlə, aqrar sığorta fermerlərə böyük maliyyə yükü yaratmadan onların təsərrüfatlarını bütün əsas risklərdən qoruyacaq.
Aqrar Sığorta Fondu ölkədə taxıl əkinləri ilə məşğul olan fermerlərə aqrar sığorta tələbini xatırladır və onları dövlət dəstəyi ilə bu vacib imkandan istifadə etməyə çağırır.