TBİLİSİDƏ CƏNUBİ QAFQAZDA TRANSSƏRHƏD TELEYAYIMLARINA DAİR REGİONAL MÜŞAVİRƏ
Martın 28-də Tbilisinin “Simpatiya” mehmanxanasında “Cənubi Qafqazda transsərhəd teleyayımları: Avropa transsərhəd televiziya konvensiyası baxımından problemlər və perspektivlər” mövzusunda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirilmişdir. Tədbiri Avropa Şurası və Gürcütstan Xarici işlər Nazirliyi təşkil etmişlər.
Gürcüstan xarici işlər nazirinin müavini Zviad Çumberidze müşavirəni açaraq, iştirakçıları və qonaqları salamladı, ölkə Prezidenti Eduard Şevardnadzenin təbrikini və uğurlu iş arzusunu onlara yetirdi. Cənab Çumberidze xatırlatdı ki, 43 Avropa ölkəsindən 24-ü Avropa transsərhəd televiziya konvensiyasının üzvüdür, MDB dövlətlərindən hələlik heç bir ona qoşulmayıbdır. O, ümidvar olduğunu bildirdi ki, Tbilisi müşavirəsi üç Cənubi Qafqaz ölkəsinin bu konvensiyaya qoşulmasına kömək edəcəkdir.
Avropa Şurasının Mədəniyyət, Mətbuat və İdman Departamenti beynəlxalq yayımlar şöbəsinin başçısı xanım Karolin Morrison (Böyük Britaniya) Avropa konvensiyasının, əhəmiyyəti, bəzi ölkələrin televiziya verilişlərinin başqa dövlətlərin ərazisinə qanunsuz yayımlanmasının qarşısını almaq üçün bu sənəddə nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verdi və Cənubi Qafqaz ölkələrini konvensiyaya qoşulmağa çağırdı.
Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında Azərbaycanda 15 dövlət və özəl teleşirkətin fəaliyyət göstərdiyindən, yayım miqyasının getdikcə genişlənməsindən, danışaraq bildirdi ki, onların fəaliyyəti üçün respublikada hər cür şərait yaradılmışdır. O, dedi ki, Milli Məclisin qəbul etdiyi “Kütləvi informasiya vasitələri haqqında” qanun və ona bu yaxınlarda edilmiş mühüm dəyişikliklər televiziya jurnalistlərinin sərbəst işləməsinə böyük imkan yaradır. Cənab Həsənov Azərbaycan Prezidenti Heydər Əliyevin bütün mətbuat vasitələrinə və jurnalistlərə göstərdiyi qayğı və diqqətdən ətraflı söhbət acdı. O dedi: “Biz Azərbaycan Respublikasının Avropa transsərhəd televiziya konvensiyasına qoşulması üçün yaxın vaxtlarda Milli Məclisdə məsələ qaldıracağıq. Əminik ki, Azərbaycan bu konvensiyaya qoşulduqdan sonra Ermənistan və digər qonşu ölkələrin televiziya verilişlərinin respublikamızın ərazisinə qanunsz yayımlanması hallarına son qoyulacaqdır”. Əli Həsənov Rusiyanın 3, Türkiyənin 4 telekanalının verilişlərinin Azərbaycanda sərbəst şəkildə yayımlandığını qeyd etdi və ölkəmizdə tezliklə ictimai televiziya yaradılması üçün görülən tədbirlər barədə məlumat verdi.
“Speys” Müstəqil Teleradio Şirkətinin prezidenti Etibar Babayev çıxışında Azərbaycanda müstəqil televiziya və radio şirkətlərinin azad fəaliyyət göstərməsi üçün respublika rəhbərliyi tərəfindən görülən tədbirlərdən söhbət açdı, ölkəmizin Avropa konvensiyasına qoşulmasına tərəfdar olduğunu bildirdi.
Müşavirədə qonşu ölkələrin nümayəndələri də çıxış etdilər.
Bununla da müşavirə işini başa çatdırdı.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi