DÜNYA
Tbilisidə quduzluq xəstəliyinə yoluxma halları qeydə alınıb
Tbilisi, 9 noyabr, AZƏRTAC
Gürcüstanın Milli Qida Agentliyi paytaxt Tbilisinin “Afrika” adlanan ərazisində quduzluq xəstəliyinə yoluxma halları ilə bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, qurumun yaydığı məlumata görə, bələdiyyənin itlər üçün sığınacağına köçürülən itin quduzluqdan ölümü qeydə alınıb. Milli Qida Agentliyi yoluxmuş itlə eyni binada olan işçiləri dərhal peyvənd etməyə çağırıb.
Agentliyin Tbilisi xidmətinin baytarlıq müfəttişləri qısa müddətdə epidemiyanın baş verdiyi yerdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər (heyvanların peyvəndlənməsi) həyata keçirib, həmçinin xəstə itlə eyni binada olan əməkdaşları müəyyən ediblər. Milli Qida Agentliyi tərəfindən seçilmiş patoloji material Dövlət Kənd Təsərrüfatı Laboratoriyasında müayinə olunub və nəticədə quduzluq xəstəliyi təsdiqlənib.
Araşdırmalar nəticəsində xəstəliyə yoluxmuş heyvanla təmasda olan, artıq tibb müəssisələrinə müraciət etmiş 6 nəfər müəyyənləşdirilib. Lakin yerli sakinlərin verdiyi məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməyən daha bir neçə şəxs heyvanla təmasda olub.
Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və onların axtarışları davam etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi