Tbilisidəki Botanika bağında ağacəkmə aksiyası keçirilib
Tbilisi, 28 aprel, AZƏRTAC
Aprelin 28-də “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan aksiya Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, jurnalistlər, mərkəzin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə Gənclər Mərkəzinin müəllim və tələbələri ilə görüşən A.Əliyev Ulu Öndərin həyat və fəaliyyəti, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsindəki xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin dünyada daha da möhkəmlənməsinə və mühüm nailiyyətlər qazanmasına nail olub. Prezident, Müzəffər Ali Baş Komandanın uğurlu fəaliyyəti nəticəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib. Bu gün Gürcüstanda da Azərbaycan Respublikasına böyük hörmət var. Bu da burada yaşayan soydaşlarımızın fəaliyyətinin nəticəsidir.
Milli Məclisin sədr müavini Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə ağacəkmə aksiyasının keçirilməsini yüksək qiymətləndirib.
Sonra Adil Əliyev, Faiq Quliyev və digər iştirakçılar panteonda palıd ağacları əkiblər.
Daha sonra Adil Əliyev, səfir Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsən bəy Ağayev, şair mütəfəkkir Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi