Teatr Muzeyində “Sənət haqqında söhbət” layihəsi çərçivəsində növbəti tədbir
Bakı, 30 yanvar, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Sənət haqqında söhbət” layihəsi çərçivəsində “Rus dramaturgiyası Azərbaycan səhnəsində” və “Rus mənşəli rejissorların Azərbaycan teatrında rolu” mövzularında mühazirələr dinlənilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muzeyin elmi əməkdaşı Mətanət Dadaşova “Rus dramaturgiyası Azərbaycan səhnəsində” mövzusunda mühazirəsində vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş rus mənşəli teatr rejissorlarından Aleksandr Tuqanovun, Aleksandr İvanovun, Serqey Mayorovun, Yakov Varşavskinin həyat və yaradıcılıqlarından söhbət açıb, eyni zamanda dinləyicilərə onların quruluşunda hazırlanmış tamaşalardan fotolar və eskizlər təqdim olunub. Eləcə də “Rus mənşəli rejissorların Azərbaycan teatrında rolu” mövzusu ətrafında muzeyin digər elmi əməkdaşı Nurtən Şabanova çıxış edib. O, Azərbaycanın görkəmli teatr rejissorları, Xalq artistləri Ələsgər Şərifovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun həyat və yaradıcılıqlarından bəhs edib, həmçinin onların quruluş verdiyi teatr tamaşalarını əks etdirən kadrlardan ibarət videoçarx nümayiş etdirilib.
Mühazirə saatı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin tərkibində fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Görüşdə Bakı şəhəri Nərimanov rayonunun rus icması, Kazak Atamanları cəmiyyətinin üzvləri, muzey əməkdaşları iştirak ediblər.
Sonda qonaqlar muzeyin ekspozisiya zalları ilə yaxından tanış olublar.