CƏMİYYƏT
TƏBİB iki tibb müəssisəsinin 20-yə yaxın əməkdaşının işdən çıxarılmasına münasibət bildirib
Bakı, 5 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda 20-yə yaxın əməkdaşın işdən azad edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
TƏBİB-dən AZƏRTAC-a daxil olan məlumatda deyilir: "Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir. Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir.
Sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir: "Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayət edə bilər".