DÜNYA
TƏHLÜKƏSİZLİK ŞURALARININ KATİBLƏRİ BU İL BİR DAHA TBİLİSİDƏ GÖRÜŞƏCƏKLƏR
“Qafqaz dördlüyü” ölkələrinin - Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın təhlükəsizlik şuraları katiblərinin növbəti görüşü payızda Tbilisidə keçiriləcəkdir. Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri, respublika Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev İTAR-TASS-ın müxbirinə məxsusi müsahibəsində demişdir: “Bu gün biz qeyri-rəsmi şəraitdə razılığa gəldik ki, “Qafqaz dördlüyü” cari ildə bir daha görüşsün. Görünür, bu görüş payızda Tbilisidə olacaqdır”.
Ramiz Mehdiyevin sözlərinə görə, qarşıdakı görüş Şimali Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı bir sıra problemlərin həllinə kömək etməlidir. Görüşdə terrorizmlə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün konkret birgə tədbirlər də müzakirə olunacaqdır.
Ramiz Mehdiyev bildirmişdir ki, “Qafqaz dördlüyü” ölkələri təhlükəsizlik şuraları katiblərinin Soçidə indiki görüşü “prezidentlərimizin dialoqunun davamıdır, bu görüşdə bütün “dördlük” ölkələrinin marağı olan məsələlər müzakirə edilir. Həlledici söz prezidentlərindir, təhlükəsizlik şuralarının katibləri isə zəmin hazırlayır və bütün “dördlük” tərəfindən istifadə edilə biləcək təklifləri öyrənirlər”.
Ramiz Mehdiyev demişdir ki, görüşdə tərəflərdən hər biri Qafqazda gərginliyin aradan qaldırılması və hər bir ölkədə mövcud olan problemlərin - Rusiyada Çeçenistan, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya problemlərinin həlli üçün nə kimi vacib işlər görülməsi barədə öz təkliflərini söyləmişdir. Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri demişdir: “Biz bu problemlərin həlli üçün təmas nöqtələri tapmalıyıq”.
O, “Qafqaz dördlüyü”nün Soçi görüşündə nəzərdən keçirilən konkret tədbirlərdən danışmağın hələlik tez olduğunu bildirsə də, ümid etdiyini söyləmişdir ki, “belə görüşlər zəruridir, çünki nəticə etibarilə, keçmiş İttifaqdan bizə miras qalmış problemlərin həlli zamanı fayda gətirəcəkdir”.