ELM VƏ TƏHSİL
Təhsil İnstitutunun doktorantları üçün akademik tədqiqat təlimləri davam edir
Bakı, 18 may, AZƏRTAC
Təhsil İnstitutunun doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC tərəfindən təlimlər davam edir.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda dərc olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub. Layihənin əsas məqsədi isə Azərbaycanda təhsil sahəsində yüksəkkeyfiyyətli tədqiqatların artırılmasına nail olmaqdır. Təlimlərin ümumilikdə 20 nəfərdən ibarət 2 qrup üçün “Tədqiqat metodları”, “Akademik yazı” və “Statistik və analitik təhlil” modullarından ibarət olması nəzərdə tutulub.
“Tədqiqat metodları” modulu üzrə təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi, ADA Universitetinin baş müəllimi Lalə Cumayeva tədris edib. Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub.