Təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Təhsilalan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkil etdiyi tədbirlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Eyni zamanda, “Xocalı - əbədi qan yaddaşımız” mövzusunda müzakirələr aparılıb, “Xocalı harayı” adlı təqdimatlar olub, ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri əks etdirən sərgilər keçirilib.
Uşaqlar Xocalı faciəsinə həsr olunmuş kompozisiyalar göstəriblər.
Sonra iştirakçılar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.