Təhsil Nazirliyi: STEAM layihəsinə 25 mindən çox şagird cəlb olunub
Bakı, 30 dekabr, AZƏRTAC
2020-ci tədris ilində STEAM layihəsinin tətbiqi 45 şəhər və rayon üzrə 147 ümumtəhsil məktəbində 25 mindən çox şagird və 800 müəllim olmaqla uğurla davam etdirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri ilə yanaşı, Ağdam, Füzuli, Tərtər, Bərdə, Biləsuvar, Lerik, Lənkəran, Yevlax, Xaçmaz, Zaqatala, Sabirabad və digər rayonlar olmaqla ölkə üzrə ümumtəhsil məktəblərindən 700-dən çox müəllim təlimlərə cəlb olunub.
STEAM layihəsi çərçivəsində VI sinif üzrə kurikulum təkmilləşdirilib, VII sinif üzrə yeni kurikulum, təhsilalanların tədris prosesində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə tövsiyə xarakterli vəsait hazırlanaraq müəllimlərin istifadəsinə verilib. Bu müddət ərzində Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin, Bakı Avropa Liseyinin və Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin nəzdində STEAM mərkəzləri yaradılıb, Gəncə və Quba şəhərlərində isə yaradılacaq STEAM mərkəzlərinin layihələndirilməsinə başlanılıb.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM (Elm - Science, Texnologiya - Technology, Mühəndislik - Engineering, İncəsənət - Art və Riyaziyyat - Math) təhsil metodu şagirdlərə beş sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihənin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə edə bilmək qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir.