TƏHSİL NAZİRLİYİNDƏ İNKLÜZİV TƏHSİLLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı”nın (2005-2009-cu illər) həyata keçirildiyini bildirmişdir.
Nazir nəzərə çarpdırmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində 132 məktəb tikilmiş, 23 təhsil müəssisəsi yüksək səviyyədə təmir olunmuş və lazımi avadanlıqla təchiz edilmişdir.
Qeyd olunmuşdur ki, hazırda nazirlik ABŞ-ın “Dünyaya baxış” təşkilatı, YUNESKO və Beynəlxalq Tibb Korpusu ilə birlikdə 3 inklüziv təhsil layihəsi həyata keçirir və layihə çərçivəsində xanım Linda Li Rattonun bir əlil uşağın həyatından bəhs edən “Yuxuların çin olduğu yerdə” kitabı Azərbaycan dilinə tərcümə və 150 min nüsxə tirajla çap edilərək, ümumtəhsil məktəblərinə paylanmışdır. Həmin kitab IV siniflərdə öyrənilmiş və onunla bağlı inşa müsabiqəsi keçirilmişdir.
ABŞ-ın “Dünyaya baxış” təşkilatının nümayəndəsi xanım Lesli Harniş ölkəmizdə həyata keçirilən inklüziv təhsil layihələrinin əhəmiyyətini vurğulamışdır.
“Yuxuların çin olduğu yerdə” kitabının müəllifi Linda Li Ratto nəşr və “Fərdiləşdirilmiş təhsil planı” haqqında ətraflı məlumat vermiş, fiziki cəhətdən qüsurlu uşaqlara ailələrdə və təhsil müəssisələrində daha çox diqqət və qayğı göstərilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.