TƏHSİL NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Təhsil naziri Misir Mərdanov bildirmişdir ki, Prezident Heydər Əliyevin “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2000-ci il 6 mart tarixli Sərəncamı ilə ölkəmiz həmin konvensiyaya qoşulmuşdur.
Prezident Sərəncamına və Konvensiyanın müddəalarına əsasən, hazırlanmış və Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş xüsusi “Qaydalar”ı həyata keçirmək məqsədi ilə nazirliyin əmri ilə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsinə nəzarət Daimi Komissiyası yaradılmışdır.
Qeyd edilmişdir ki, diplomların tanınması ilə bağlı nazirliyə 600-dən artıq müraciət daxil olmuş, indiyədək onların 200-dən çoxu müsbət həll edilmişdir. Diplomları tanınanların 112-si Türkiyənin, 54-ü Rusiya Federasiyasının, 10-u ABŞ-ın ali təhsil müəssisələrini bitirmişdir.
Son zamanlar çoxlu saxta diplomların da müəyyən edildiyini bildirən M.Mərdanov, Rusiya Federasiyası və Ukrayna ali məktəblərinin Azərbaycanda qanunsuz fəaliyyət göstərən filiallarının verdiyi “diplom”ların respublikamızda tanınmadığını söyləmişdir. Diqqətə çarpdırılmışdır ki, ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
Sonra nazir jurnalistləri maraqlandıran suallara cavab vermişdir.