ELM VƏ TƏHSİL
Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı suallar cavablandırılıb
![](/files/galleryphoto/2022/1/1200x630/1644229235662949249_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442292352614223960_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442292354910812591_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442292356518056950_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev təqdimatla çıxış edib. O, fondun yaradılması, fəaliyyəti, bu günədək görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin tələbələri təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bu ali məktəblərin 20-si Təhsil Nazirliyinin, 11-i digər dövlət qurumlarının tabeliyindədir. 11 ali təhsil müəssisəsi özəldir, 2-si isə Rusiya Federasiyasının təhsil müəssisələrinin Bakı filialıdır. Eyni zamanda, 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər. Bu orta ixtisas məktəblərindən 35-i Təhsil Nazirliyinin, 2-si Naxçıvan MR Təhsil Nazirliyinin, 14-ü digər dövlət qurumlarının tabeliyindədir, 4 orta ixtisas təhsili müəssisəsi isə özəldir.
Araz Paşayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 266 mindən çox tələbə təhsil alır. Onlardan 246 min 162 nəfəri əyani oxuyur. Əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli təhsil alır. Ödənişli təhsil alan 20 min 200 tələbənin təhsil haqqını dövlət ödəyir. Məcburi köçkün statusu olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olan tələbələrin, Azərbaycanın suverenliyi, ərazi bütövlü uğrunda həlak olmuş və əlil olmuş şəxslərin uşaqlarının, əlil tələbələrin təhsil haqqı dövlət hesabına qarşılanır. Onların təhsil tələbə krediti almaq üçün müraciət etmələrinə ehtiyac yoxdur.
Habelə 126 min 173 tələbə təhsil haqqını özü ödəyir. Bu tələbələrin 28 min 674-nün akademik borcu var, 41 min 291 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Ona görə də onlar təhsil tələbə krediti üçün müraciət edə bilməzlər. Ümumilikdə götürdükdə ödənişli təhsil alan 56 min 208 tələbənin təhsil tələbə krediti almaq hüququ var.
O qeyd edib ki, 2021-2022-ci ilin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb. Proses 2022-ci il fevralın 15-də yekunlaşacaq. Fevralın 16-dan isə 2021-2022-ci tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.
Araz Paşayev məlumat verib ki, bu günədək olan müraciətlərin 1945-i rəsmiləşdirilib, təhsil haqqı ödənilib. 1200 müraciət isə emal prosesindədir, yaxın iki həftə ərzində rəsmiləşdiriləcək. Təxminən 300-400 arası müraciət isə tələbələr tərəfindən tamamlanmayıb.
Daha sonra Araz Paşayev təhsil tələbə kreditlərinə edilən güzəştlər, kreditlərin ödənilməsi, sosial və standart tələbə kreditləri haqqında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmini, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.