TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Komissiyanın sədri Məleykə Abbaszadə TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalının yenicə çapdan çıxmış 12-ci nömrəsi barədə məlumat vermişdir.
Bildirilmişdir ki, jurnalda 2005/2006-cı tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinə, ali məktəblərin reytinqinə, fənlər üzrə göstəricilərə, yüksək nəticələrə nail olmuş rayonlara, ən yaxşı təhsil ocaqlarına, müqayisəli təhlillərə (1992-2005-ci illər), müsabiqə vəziyyətinin şərhinə və sairəyə dair materiallar, tövsiyələr dərc olunmuşdur.
Cari tədris ili üçün respublikamızın ali məktəblərinə 28 min 785 tələbə qəbulu nəzərdə tutulmuşdu. 20 min 534 yer Azərbaycan, 3 min 621 yer rus bölməsinə, qalan 4 min 630 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılmışdı. Ötən il ali məktəblərə rekord sayda - 99 min 388 abituriyent ərizə vermişdi. Bu, 2004-cü illə müqayisədə 8708 nəfər çoxdur.
Komissiya sədri diqqətə çatdırmışdır ki, 2005/2006-cı tədris ilində ali məktəblərə 27 min 763 gənc daxil olmuş, qəbul planı 96,45 faiz dolmuşdur. Ali təhsil müəssisələrinə sənəd verənlərin 72,72 faizini 2005-ci il məzunları təşkil etmişdir. Bu göstərici 2004-cü ildə 74,32 faiz olmuşdur.
Ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. Azərbaycan Tibb Universiteti 2-ci, Bakı Dövlət Universiteti isə 3-cü yerdədir. Özəl ali təhsil müəssisələri arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir.
Ali məktəblərə qəbulun nəticələri TQDK-nın ayrı-ayrı bölgələrdə keçirəcəyi zona müşavirələrində geniş müzakirə ediləcəkdir.
M.Abbaszadə jurnalistləri maraqlandıran suallara da cavab vermişdir.