TƏMİR İŞLƏRİ İSTEHLAKÇILARIN ENERJİ TƏCHİZATI PROBLEMLƏRİNİ HƏLL ETMƏYƏ İMKAN VERMİŞDİR
“Azərenerji” Açıq Səhmdar cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Abşeron yüksəkvoltlu elektrik şəbəkəsində yenidənqurma və təmir-tikinti işləri nəticəsində ötən ay istehlakçıların enerji təchizatında problemlər qeydə alınmamışdır.
İyunda paylayıcı elektrik şəbəkələrinə 201 milyon kilovat-saatdan çox elektrik enerjisi nəql olunmuş, gündəlik istehlak təxminən 7,5 milyon kilovat-saat təşkil etmişdir.
Yenidənqurma işləri çərçivəsində 330 kilovoltluq “Yaşma” yardımçı stansiyasında IV Şirvan elektrik xətlərinin avadanlığı və ayırıcısı, III Yaşma və Giləzi elektrik xətlərinin yağ açarları, 1və 2 saylı transformatorlar təmir olunmuşdur.
220 kilovoltluq “Sənaye qovşağı”, 110 kilovoltluq “Nömrə 135” və “Sumqayıt-3” yarımstansiyalarında da oxşar işlər aparılmışdır.
110 kilovoltluq “Sumqayıt-2” yardımçı stansiyasında müxtəlif güclü 3 avtotransformator və xüsusi ehtiyaclar üçün 1 transformator təmir olunmuşdur.
Bundan əlavə, elektrik xətlərində müxtəlif təyinatlı təmir işləri aparılmış, heyətin iş şəraitinin yaxşılaşdırlması sahəsində işlər başa çatdırılmışdır.
Layihə çərçivəsində “Yaşma” stansiyasında ümumi gücü 640 meqavat olan 3 avtotransformatorun və “Sənaye qovşağı” yardımçı stansiyasında hər biri 220 meqavat gücündə iki avtotransformatorun təmiri nəzərdə tutulmuşdur.
Cari planda 110 kilovoltluq ikidövrəli III və IV Sumqayıt elektrik xətlərinin bəzi dirəklərinin, o cümlədən Sumqayıt çayı yaxınlığında yerləşən aralıq dirəyin əvəzlənməsi nəzərdə tutulmuşdur.