“TƏMİZ ŞƏHƏR” ASC AVROPA LAYİHƏSİNİN RƏSMİ TƏRƏFDAŞI ELAN EDİLMİŞDİR
Bakı, 10 avqust (AZƏRTAC) İqtisadi İnkişaf Nazirliyi və Fransanın “CNİM” S.A. şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Bakı şəhərində tikilən Bərk məişət tullantılarının yandırılması zavodunun əsas benefisiarı “Təmiz Şəhər” ASC “Avropa Davamlı Enerji Kampaniyası” (Sustainable Energy Europe Campaign) layihəsinin rəsmi tərəfdaşı elan edilmişdir.
Qeyd edək ki, tullantılarının yandırılması zavodunun tikintisi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində qərara alınmışdır. Zavod ildə 500 min ton bərk məişət tullantılarını və 10 min ton tibbi tullantını utilizasiya etmək gücündə olacaqdır. Bu cür müəssisələr dünyada daha çox “Tullantıdan Enerjiyə” zavodları kimi tanınır. Bakıda inşa olunan məişət tullantılarının yandırılması zavodu ildə 231,5 mln. kVt/s elektrik enerjisi istehsal edəcəkdir.
Zavodun 2012-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.
Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu tullantı zavodlarının dördüncü nəslinə aiddir və ətraf mühitin çoxsəviyyəli mühafizəsi mexanizminə malik olmaqla, Azərbaycanın və Avropa Birliyinin ən sərt ekoloji normativlərinə cavab verəcəkdir.
Qeyd edək ki, Avropa Birliyi çərçivəsində “Avropa Davamlı Enerji Kampaniyası” 2005-ci ildə təsis edilmişdir. Son 5 ildə Avropanın 90 iri təşkilatı bu layihəyə qoşulmuşdur.
Hazırda layihənin rəsmi tərəfdaşları bərpa olunan enerji mənbələrindən istifadə, enerjiyə qənaət və enerji istehlakının səmərəliliyi sahəsində 500-dən çox layihə həyata keçirirlər.