CƏMİYYƏT
Terapevt: Revmatoloji xəstəliklərin müalicəsində irəliləyiş var
Bakı, 31 yanvar, AZƏRTAC
“Son vaxtlar tibbin inkişafı nəticəsində revmatoloji xəstəliklərin müalicəsində irəliləyiş var. Yeni dərmanlar istifadəyə verilib və xəstəliyin ilkin müalicəsi çox rahatdır. Yetər ki, xəstə vaxtında müraciət etsin və erkən diaqnoz qoyulsun”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında “Revmatik xəstəliklər” mövzusunda canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
“Xəstə gecikmiş halda gələrsə, müalicə çətinləşə bilər. Gecikmə və qeyri-düzgün müalicə başqa fəsadlara gətirib çıxara bilər. Oynaq ağrıları xəstəliyin görünən tərəfidir. Lakin ürək qan-damar, tənəffüs, sinir sistemləri, böyrəklər zədələnə bilər. Odur ki, bədəndə hər hansı bir ağrı varsa, o, hansısa bir xəstəliyin xəbərdarlığıdır. Ağrı davamlıdırsa, mütləq həkimə müraciət edib ilkin müalicəyə başlamaq lazımdır”, - deyə Z.Quliyev bildirib.