Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda onlayn elmi-praktik konfrans keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev konfransı açaraq, mövzunun aktuallığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Onlayn konfransda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin Tərəvəzçilik sektorunun müdiri Fuad Məmmədov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tərəvəzçiliyin inkişafında innovasiyaların rolundan bəhs ediblər.
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov konfransda yeni sortların yaradılmasında milli genetik ehtiyatlardan istifadənin vacibliyi, eləcə də müasir biotexnoloji üsulların tərəvəzçilikdə tətbiqi imkanlarından danışıb. O, Genetik Ehtiyatlar İnstitutu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, elmi əlaqələrin daha da genişləndirildiyini diqqətə çatdırıb.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov bitki xəstəlikərinin molekulyar diaqnostikası, identifikasiyası, həmçinin xəstəlikləri yayan həşəratların identifikasiyası və həyat tsiklinin öyrənilməsi, bu həşəratlara qarşı mübarizə vasitələrinin işlənib hazırlanması üçün kompleks tədbirlər haqqında fikirlərini söyləyib. Ə.Məmmədov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın bioloji institutlarının iştirak etdiyi kompleks layihələrin hazırlanması və birgə həyata keçirilməsi, institutların maddi-texniki və kadr potensialından səmərəli istifadə edildiyi təqdirdə müsbət nəticələr verəcək.
AMEA Mikrobiologiya İnstitutunun direktoru, professor, AMEA-nın müxbir üzvü Pənah Muradov və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxışlarında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə müştərək innovativ layihələrin icra olunmasının vacib olduğunu qeyd ediblər.
Sonra institutun elmi katibi Ramil Nəbiyev “Torpaqsız becərmə üsulu ilə istixana tərəvəzçiliyinin inkişafı”, Aqrobiotexnologiya laboratoriyasının müdiri Eldar Mustafayev “Toxuma kulturası ilə in vitro şəraitdə sağlam kartof miniyumrularının istehsalı” və “Bitkilərdə zərərli orqazimlərin təyini”, Toxumçuluq şöbəsinin elmi işçisi Məcid Adıgözəlov “Tərəvəz toxumlarının müasir avadanlıqlar vasitəsilə emalı” mövzusunda çıxış ediblər.
Tədbir çərçivəsində müzakirələr aparılıb və iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.