Tərtər kümçüləri mövsümün ilk günlərində 2200 kiloqrama yaxın barama tədarük ediblər
Tərtər, 18 iyun, AZƏRTAC
Tərtər rayonunun kümçüləri bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il 300 qutu ipəkqurdu toxumu bəsləyən rayon kümçüləri məhsul tədarükünə başlayıblar. Mövsümün ilk günlərində kümçülər tərəfindən 2196 kiloqram məhsul təhvil verilib. Bu il rayon üzrə 12 ton barama istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2024-cü illərdə Tərtər rayonunda 339 min 757 çəkil tingi əkilib. Onun 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Ötən il rayonda 6,5 ton barama istehsal olunub.
Müxbir – Tahir Ağaməmmədov