Tərtər rayonunda qumbara aşkarlanıb
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də saat 09:58-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 10:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Çaylı kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Tərtər Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə Tərtər çayının sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində partladıcısı (UZRQM) üzərində olan F-1 əl qumbarası aşkarlanıb. Həmin qumbara zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.