Tərtərlilər ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbəti nümayiş etdiriblər
Tərtər, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da minlərlə tərtərli rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Abidənin ətrafı gül və çiçəklərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədilib. Meydanda rayon məktəblilərinin hazırladığı Ulu Öndərə həsr olunmuş rəsm, əl işləri və kitab sərgisi nümayiş etdirilib.
Həmin gün Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları Ulu Öndərin Mərkəzdəki büstü önünə gül dəstələri düzüb, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
Çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyətindən, xilaskarlıq rolundan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıblar. Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib. Dahi rəhbərin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olanlara vəsiqələr verilib.