Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülər aşkarlanıb VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin sürücülərin qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirdiyi və 01-BM-688 qeydiyyat nişanlı "KamAZ" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirdiyi məlum olub. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
Qeyd edilib ki, bu kimi halların yol hərəkəti qaydaları əleyhinə olan inzibati, həmçinin cinayət xarakterli hüquqpozmaların qarşısının alınması və aşkarlanmasında, foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları ilə bağlı elektron qərarların çıxarılmasında ciddi çətinliklər yaratdığı, bununla yanaşı törədilmiş inzibati xətaya aidiyyəti olmayan şəxslərin haqlı narazılığına səbəb olduğu dəfələrlə qeyd edilsə də, təəssüf ki, hələ də məsuliyyətdən yayınmaq üçün belə uğursuz cəhdlər edən şəxslərə rast gəlinir.
Bütün bunları nəzərə alaraq, bir daha avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək bildiririk ki, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazidd əməldir və inzibati məsuliyyət yaradır.