Tibb sahəsində dünyada məşhur əsərlər Azərbaycan dilinə tərcümə ediləcək
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycanda tibbi maarifləndirmə sahəsində yeni layihə həyata keçiriləcək. Bununla əlaqədar “Qədim Qala” nəşriyyat ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika”nın direktoru Barat Yusubov arasında müqavilə imzalanıb. Barat Yusubovun şəxsi təşəbbüsü ilə həyata keçiriləcək layihənin məqsədi tibb sahəsində dünyada məşhur əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi və onların ölkədə yayılması ilə bağlıdır.
Barat Yusubov AZƏRTAC-a bildirib ki, ilk mərhələdə amerikalı həkim və alim Tinsli Rendolf Harrisonun “Harrisonun daxili xəstəliklər toplusu” (“Harrison's Principles of Internal Medicine”) kitabı tərcümə olunaraq nəşr ediləcək. Adıçəkilən kitab dünyanın ən etibarlı klinik tibbi vəsaitləri arasında ön sıralardadır və indiyədək 16 dilə tərcümə olunub.
İlk dəfə 1950-ci ildə iki cilddə çap olunan əsərin yenilənmiş 21-ci nəşri 2022-ci ildə işıq üzü görüb. Əsər uzun müddətdir dünyanın bir sıra aparıcı universitetlərində dərslik kimi istifadə edilir və tibb işçilərinin masaüstü vəsaitinə çevrilib. Azərbaycan dilinə tərcümə ediləcək 21-ci nəşr oxucuları tibb sahəsindəki ən son yeniliklər və nailiyyətlərlə tanış edəcək.
Təqribən dörd milyon sözdən ibarət olan əsər həkimlərdən və uyğun mütəxəssislərdən ibarət geniş elmi heyət tərəfindən tərcümə olunacaq. Nəşrdən sonra isə tibb sahəsində təhsil alan tələbələrin istifadəsinə veriləcək.