Tibb Universitetində sirrozun qarşısını almağa kömək edən müayinə aparılır
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) qaraciyər xəstəliklərinin dəqiq diaqnostikasını aparmağa imkan verən elastoqrafiya müayinəsi aparılır. Elastoqrafiya ultrasəs diaqnostikasında ən yeni və perspektivli texnologiyalardan biridir. Araşdırmalar göstərir ki, elastoqafiyanın tətbiqi ilə aparılan ultrasəs müayinə xərçəngin diaqnostikasında həssaslığı 95,5 faizə qədər artırır.
Bu barədə AZƏRTAC-a məlumat verən ATU-nun ümumi cərrahiyyə kafedrasının əməkdaşı, elastoqrafiya mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova bildirib ki, qaraciyərin elastoqrafiyası fibroz xəstəliyinin təyinində kömək edir: “Fibroz qaraciyərin bir çox xroniki xəstəliklərinin əsas xüsusiyyətidir. Qaraciyərin xroniki diffuz xəstəlikləri ən çox rast gələn patologiyalardan olmaqla, dünya əhalisinin 20-30 faizində müşahidə edilir və ümumi letal halların təxminən 2-3 faizini təşkil edir. Əksər xroniki qaraciyər xəstəliklərinin təbii gedişi üçün xarakterik olan ardıcıl mərhələlər davam edən zədələnmə, fibroz, sirroz və ağırlaşmaları, hepatosellular karsinomadır. Səbəbindən və müddətindən asılı olmayaraq fibrozun mövcudluğu və dərəcəsi, növü və yayğınlığı qaraciyər xəstəliyinin irəliləmiş mərhələsinin və proqressiv olduğunun mütləq göstəricisidir”.
S.Salahova qeyd edib ki, elastoqrafiya həmin xəstəliyin mərhələlərini dəqiq qiymətləndirməyə imkan verir. Bu, qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan müayinə aparılma üsuludur. Adi ultrasəs müayinəsi kimi aparıldığından nəticə dərhal əldə olunur. Qaraciyərin sıxlığı KiloPaskalla ölçülür və buna uyğun olaraq fibrozun dərəcəsi müəyyən edilir. Bu isə klinik praktikada xəstəliyin mərhələsinin və proqnozunun təyini, müalicələrin effektivliyinin qiymətləndirilməsinə imkan yaradır. Fibrozu vaxtında təyin etməklə sirrozun qarşısını almaq, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaları önləmək mümkündür.