Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının fəalları “Könüllü qonşu” aksiyasına qoşulublar
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatının fəalları Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşkilatçılığı ilə keçirilən “Könüllü qonşu” aksiyasında yaxından iştirak edərək yardıma ehtiyacı olan qonşularına dəstək göstərirlər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü gənclər AKƏM-in təqdim etdiyi, həmçinin özlərinin hazırladığı elanları qonşuların görə biləcəyi yerlərə - binaların girişi və liftlərin yanına yerləşdirirlər. Həmin elanlarda könüllülərin şəxsi əlaqə nömrələri də əks olunur. Köməyə ehtiyacı olan şəxslər qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayaraq ən qısa müddətdə öz ehtiyaclarını təmin edə bilirlər.
Yardım zamanı könüllülər xüsusi rejimin bütün tələblərinə ciddi şəkildə riayət edirlər. Belə ki, onlar SMS vasitəsilə müvafiq xidmətdən icazə alaraq, həmçinin əlcək və maska taxaraq evdən çıxırlar, heç bir halda kömək göstərəcəyi şəxsin evinə daxil olmurlar, ünsiyyətdə olduğu insanlarla azı 2 metr ara məsafəsi saxlayırlar.
Qeyd edək ki, Tibb Universitetinin 140 nəfərdən çox tələbəsi AKƏM-in müxtəlif sosial dəstək aksiyalarında iştirak etmək üçün qeydiyyatdan keçib və hazırda bu istiqamətdə fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə təsis edilib.