Tibb Universitetinin tələbə və rezidentləri türkiyəli professorların onlayn tədris proqramında iştirak edirlər
Bakı, 9 iyun, AZƏRTAC
İstanbul Universiteti və Azərbaycan Tibb Universitetinin əməkdaşlığı çərçivəsində “Fakültəyə əlvida, həkimliyə salam” onlayn tədris proqramına start verilib.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İstanbul Universitetinin Tibb fakültəsinin və “Doktorclub” onlayn platformasının dəstəyi ilə baş tutan proqram iyunun 12-dək davam edəcək.
Proqramda Azərbaycan Tibb Universitetinin tələbə və rezidentləri, həmçinin gənc həkimlər iştirak edirlər. Beş gün ərzində İstanbul Universitetinin aparıcı professor və mütəxəssisləri tərəfindən iştirakçılara gənc həkim kimi fəaliyyətə başlaması ilə əlaqədar maraqlı mövzular təqdim olunur. “Həkim olduq - indi bizi nə gözləyir?”, həmçinin həkimlərin öhdəlikləri, vəzifələri, hüquqi məsuliyyətləri, xəstələr və onların yaxınları ilə davranış kimi mövzular məzun və tələbələrin gələcək peşəkar fəaliyyətinə hazırlıq mərhələsinə yardım məqsədilə hazırlanıb.
Tədris proqramında Tibb Universitetindən 625 nəfər iştirak edir.
Bundan əlavə, tədris proqramında tibbin tam fərqli sahələri - kardiologiya, psixiatriya, ginekologiya, cərrahiyyə və digər sektorlarla bağlı tibb praktikasında ən çox rast gəlinən mövzularda bilik və bacarıqların artırılması məqsədilə mövzular təqdim olunur. Burada uşaqlarda ishal, yüksək temperatur, travmalar, revmatizmlə bağlı problemlər, anafilaktik şok, ölü müayinəsi və digər önəmli məsələlər haqqında da ayrıca mühazirələr olacaq.
Qeyd edək ki, tədris proqramında hazırda dünyanı cənginə alan COVID-19 virusu ilə bağlı ayrı seksiya təqdim olunur. Burada “Virus infeksiyaları və pandemiya dövründə davranış”, “COVID-19-un klinik gedişi və risk faktorları”, “COVID-19 müalicəsinin planlaşdırılması”, koronavirusun birinci mərhələdə qarşısının alınması” və digər mövzularda mühazirələr təşkil olunacaq.