TİKA ilə Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi arasında əməkdaşlıq genişləndiriləcək
Tbilisi, 21 avqust, AZƏRTAC
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti Gürcüstandakı İnkişaf Elçiləri proqramı çərçivəsində Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbərliyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə mərkəzin fəaliyyəti və müxtəlif sahələr üzrə həyata keçirilən layihələr, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mərkəzin direktoru Rezo Həsənov bildirib ki, mərkəz 2021-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayıb. Mərkəzdə müxtəlif dil kursları, təlimlər, maarifləndirici görüşlər, eləcə də gənclərin təhsil və inkişafına yönəlmiş müxtəlif layihələr həyata keçirilir
TİKA-nın Gürcüstan nümayəndəliyi ilə 2023-cü ildən etibarən qurulan əməkdaşlığın nəticələri də diqqətə çatdırılıb. Qeyd olunub ki, bir il əvvəl TİKA-nın dəstəyi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin maddi-texniki bazasının yenilənməsinə dəstək göstərilib. Bu dəstək mərkəzdə təhsil alan gənclərin daha əlverişli şəraitdə inkişafına mühüm töhfə verib.
Daha sonra TİKA-nın Gürcüstan üzrə koordinatoru Saleh Özer agentliyin Gürcüstanda həyata keçirdiyi layihələr və müxtəlif istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Tədbirdə TİKA-nın Bolnisidə həyata keçirdiyi işlər yüksək qiymətləndirilib və göstərilən dəstəyə görə təşəkkür ifadə olunub.
Tədbir çərçivəsində, həmçinin professor Şürəddin Məmmədli müəllifi olduğu kitablar toplusunu qonaqlara təqdim edib və yaradıcılığı haqqında məlumat verib.
Sonra görüş maraqlı konsert proqramı ilə davam edib.
Qonaqlar gənc rəssam Leyla Məmmədəlizadənin çəkdiyi rəsm əsərləri ilə də tanış olub, gənc idmançılarla görüşüblər.