TOFİQ QASIM OĞLU KÖÇƏRLİ
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli 2007-ci il oktyabrın 31-də ömrünün 79-cu ilində vəfat etmişdir.
Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində almışdır. 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kurslarının müdavimi olmuşdur.
Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləmişdir. Tofiq Köçərli 1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olmuşdur. O, 1993-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutmuşdur.
Tofiq Köçərli 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə isə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olmuş, bu sahədə bir çox kitab və monoqrafiyanın, 120-dən çox məqalənin müəllifi kimi tanınmışdır. Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır.
Tofiq Köçərli tarix və siyasi elmlər sahəsində fəaliyyəti ilə yanaşı, dövlət idarəçiliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanması işində də uzun illər səmərəli xidmət göstərmişdir.
Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş və 1992-ci ildən Azərbaycan Respublikası Milli Şurasının üzvü olmuş Tofiq Köçərlinin respublikanın ictimai-siyasi həyatında iştirakı təqdirəlayiqdir.
Tofiq Köçərlinin elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür.
Tanınmış alim-pedaqoq və qayğıkeş insan Tofiq Köçərlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasi-zadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Arif Həşimov, Nailə Vəlixanlı,
Akif Əlizadə, Ağamusa Axundov,
Cəmil Quliyev, Fuad Qasımzadə,
Teymur Bünyadov, Məşədixanım Nemətova,
Yaqub Mahmudov, Seyfəddin Qəndilov